Dəqiq və Təqribi Axtarışa Əsasən Məlumatların Gətirilməsi – VLOOKUP (+Video)

Başlanğıc

Excel proqramında ən faydalı olmasa da, ən məşhur funksiya bəlkə də VLOOKUP-dir. İş yerlərində, “VPR verib gətirəcəm”, “məlumatlara VPR verdim amma hamisini gətirmədi” və s. kimi dialoqları eşitməmiş olmazsınız. Bugün həmin məşhur VPR (ВПР – rus dilində) funksiyası, yəni VLOOKUP funksiyası haqqında yazacam.

VLOOKUP funksiyası, axtarılan məlumatı cədvəldə axtarır və sütun nömrəsini qeyd etməklə onun qarşısındakı məlumatı gətirir. Əgər tapmazsa #N/A xətası (Mövcud deyil) verir. VLOOKUP vertikal (şaquli) cədvəllər üçün istifadə olunur. Üfüqi cədvəllər üçün başqa funksiyalardan (Mis HLOOKUP) istifadə olunur.

Dörd arqumenti var:

=VLOOKUP(axtarılan dəyər;axtarış cədvəli; sütun nömrəsi; [axtarış növü])

=VLOOKUP(lookup value; table array; column index number; [range lookup])

Nümunə ilə daha aydın olacaq:

Nümunədə bizə şəhərlər, bölgələr və onların satış təmsilçiləri verilib (A:C Sütunları). Biz isə, istədiyimiz şəhərdəki (“F1” xanası) satış təmsilçisini həmin cədvələ əsasən çəkib gətirmək istəyirik. Yəni, Bakı şəhəri seçdiyimiz zaman bizə onun qarşısındakı satıcını gətirsin. Nəticəni almaq istədiyimiz xanaya (“F2”) aşağıdakı funksiyanı yazacayıq. Funksiyamız bu şəkildə olacaq:

=VLOOKUP(F1;$A$2:$C$8;3;FALSE)

Funksiya bizdən əvvəlcə “axtarlan dəyər”i (lookup value) soruşur. Əslində bu arqument bizdən əlimizdə olan dəyəri soruşur. Yəni, hansı kriteriyaya əsasən biz əlavə məlumat almaq istəyirik?. Nümunədə biz, “şəhər”lərə əsasən axtarış verəcəyimiz üçün bizim ilk arqumentimiz “şəhər” adının olduğu xana olacaqdır (qırmızı ox)

İkinci arqument olaraq funksiya bizdən soruşur ki, sənin qeyd etdiyin dəyəri (şəhər) mən harda axtarım?. Bu zaman biz, bazanın olduğu cədvələ referans verməliyik. Nümunədə bazamız (yaşıl ox) A2:C8 xanaları olduğu üçün (burda A:C və ya A1:C8 də seçilə bilər) ikinci arqumentdə həmin xanaları göstərdim. Burda əsas diqqət edilməli məqam odur ki, birinci arqumentdə göstərdiyimiz dəyər (şəhər) nədirsə, “axtarış cədvəli” də həmin dəyərlə başlamalıdır. Əgər “şəhər” və “bölgə” sütunlarının yerləri dəyişik olsaydı o zaman biz “B2:C8” aralığını seçməli olacaqdıq. VLOOKUP funksiyası geriyə doğru axtarış edə bilmir.

Üçüncü arqumentdə isə, seçdiyimiz “axtarış cədvəli”ndə sütun nömrəsini yazmalıyıq. Yəni, “axtarış cədvəli” olaraq biz bir neçə sütundan ibarət cədvəl seçmiş ola bilərik. Ancaq funskiyaya, həmin cədvədəki neçənci sütundakı məlumatı istədiyimizi göstərməliyik. Nümunədə, bizim cədvəlimiz üç sütundan ibarətdir və istədiyimiz “satıcı” adları da üçüncü sütunda olduğu üçün biz “3” rəqəmini qeyd etməliyik. Sütun nümrəsini funskiyada qeyd etdiyimiz aralığa əsasən hesablamalıyıq. Yenədə əgər, “şəhər” və “bölgə” sütunlarının yerləri dəyişik olsaydı, biz bu səfər “2” rəqəmini qeyd etməliydik. Çünki, funksiyada göstərilən (B2:C8) aralığa görə sütun nömrəsi hesablanır (baxmayaraq ki, cədvəlimiz 3 sütundan ibarətdir).

Dördüncü arqumentdə isə, “axtarış növü” tələb olunur. Burda iki seçim var; “Dəqiq” (FALSE – Exact Match) və “Təqribi” (TRUE-Approximate match) axtarışlar. “Dəqiq” axtarış zamanı funksiya “axtarılan dəyərin” eyni olub olmamasını yoxlayur. “Təqribi” axtarış zamanı isə “axtarılan dəyərə” uyğun ilk sətri gətirir. Bu arqumentdə “TRUE” əvəzinə “1”, “FALSE” əvəzinə isə “0” yazıla bilər. Əsasən, rəqəm axtarışlarında həm TRUE, həm də FALSE seçilə bilər. Ancaq mətn axtarışlarında isə “TRUE” nadirən istifadə olunur.

İndiki nümunədə bizə “dəqiq” axtarış lazım olduğu üçün, biz FALSE (0) seçməliyik. Əgər dördüncü arqument seçilməzsə default (əvvəlcədən təyin edilmiş) olaraq “TRUE” kimi axtaracaqdır.

VLOOKUP funksiyası sətrlərdə tapdığı ilk məlumatı nəzərə alır, digər təkrarların heç birisi nəzərə alınmır. Üstdəki şəkildə, “Bakı” şəhəri iki dəfə yazılıb ancaq, ilk tapdığı sətrin qarşısındakı “satıcı” adını gətirdi.

Təqribi Axtarışa əsasən VLOOKUP

Əgər rəqəm aralıqlarına görə axtarış vermək istəyirsinizsə o zaman funksiyanın dördüncü arqumentini “TRUE” olaraq qeyd edilməlidir. Satış həcminə görə faizlərin təyin olunması, gəlir vergisi hesablamaları və s. kimi cadvəllərdə istifadə oluna bilər.

Burda, cədvəlimiz düzgün formada sıralanmladır (sort). Misal üçün, “6000” rəqəminin axtarışı ikinci cədvəldə bizə səhv nəticə verəcək. Çünki, funksiya bu rəqəmi 1000-10 000 arasında axtaracaq və “1000” rəqəminin qarşısındakı nəticəni verəcəkdər. “10 000” dən sonrakı kiçik rəqəmi görmüyəcək.

İstifadəsi yuxarıda qeyd edilən nümunə ilə eynidir. Ancaq, dördüncü arqumenti “TRUE” və ya “1” olaraq qeyd olunur.

Nümunədə satış həcminə görə faiz dərəcələri müəyyən olunub. Ay sonunda bütün satış rəqəmlərinə görə uyğun faiz dərəcəsini tapmaq istəyiriksə funksiyamız bu şəkildə olacaq:

=VLOOKUP(A9;$A$2:$B$7;2;TRUE)

Burda biz, “12 500” rəqəmini cədvəldə axtarış verdik. Rəqəmimiz “10 000 – 50 000” aralığında olduğu üçün “10 000” rəqəminin qarşısındakı faiz dərəcəsini (3 %) gətirdi

Məqalənin video versiyasını youtube kanalımdan izləyə bilərsiniz

 

Comments:

No Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Başlanğıc
Daha rahat avtomatlaşdırma üçün Exceldə bazaları necə qurmalı?

Bir çoxumuz Exceli işlərimizi avtomatlışdırmaq üçün istifadə edirik. İstəyirik ki, bir dəfə cədvəlimizi və funksiyalarımızı quraq və daha sonra eyni əziyyəti çəkmiyək. Bu şəkildə, həmin Excel faylında həm hesabatlarımız, həm də arxivlədiyimiz məlumatlar olsun və istənilən vaxt həmin bazadan istifadə edək. Ancaq, bunu etməyə çalışarkən cədvəllərimiz üçün düzgün struktur yaratmır və …

Başlanğıc
“Cədvəl”lərdə (Table) Funksiya İstifadəsi

Cədvəllərdə funksiyanın istifadəsi iki şəkildə ələ alınacaq: cədvəl içində funksiya istifadəsi və kənardan yazılan funksiyalarda cədvələ referans verilməsi. Amma funksiya istifadəsinə keçməmişdən qabaq cədvəlin hissələri (elementləri) haqqında qısa məlumat vermək düzgün olardı. Cədvəlimizi yaradan kimi “Table Tools” adında yeni menümüz yaranır. Excel avtomatik olaraq cədvəllərimizə “Table1,2…..” şəklində adlar təyin edir. …

Başlanğıc
Exceldə Cədvəl (Table) İstifadəsinin Üstünlükləri

Excelin 2007 versiyasından sonra “Cədvəl” (Table) xüsusiyyətini təqdim etdi. “Cədvəl”-lərin köməkliyi ilə məlumatlarımız strukturlaşdırılır, qruplaşdırılır və onları analız etmək daha asan olur. İstifadəsi və yaradılması çox asan olmaqla bərabər, əməliyyatlarda çox üstünlüklər verir. Bəzi üstünlükləri: Yeni məlumatlar daxil edildikçə “Cədvəl” genişliyir və yaradılan funksiya, pivot və qrafiklərdə diapazonları yeniləməyə ehtiyac qalmır. Funksiya …