Dəyişkən Sütunlara Əsasən Şərti Toplama. 1-ci Həll Yolu (+Video)

INDEX

Bildiyimiz kimi SUMIF(S) funksiyasında bir sütun seçmək olur. Əgər şərtə görə “toplama diapazonu”nu dəyişdirmək istəsək SUMIF buna imkan vermir və IF funksiyasından istifadə çox yorucu ola bilər. Bugün, SUMIF-INDEX-MATCH kombinasiyasından istifadə edərək bu məsələni daha qısa yoldan həll eləməyə çalışacayıq. Burdakı nümunə yenə də bir sütuna əsasən şərti toplama edir ancaq həmin sütunlar dəyişkəndir.

Qeyd: Eyni metod COUNTIF, AVERAGEIF və s kimi funksiyalarda da istifadə oluna bilər

Şəkildəki nümunədə regionlar üzrə məhsul satışlarımız göstərilib. Yandakı cədvəldə sütun adını (“J1”-Bərdə) dəyişdirdiyimiz zaman SUMIF funksiyasının əsas cədvəlimizdə eyni adlı sütunu tapıb onun əsasında toplama əməliyyatını icra etməsini istəyirik. Aşağıdakı funksiyanı “J2” xanasına yazıb aşağı çəkəcəyik:

=SUMIF($A:$A;$I2;INDEX($B:$G;0;MATCH($J$1;$B$1:$G$1;0)))

Burda əsas məsələ, SUMIF funksiyasının üçüncü arqumenti olan “toplama diapazonu”nu dəyişikliyə uyğun hala gətirməkdir. Belə ki, birinci və ikinci arqumentlər (“kriteriya diapazonu” və “kriteriya”) eyni ilə qalacaq ancaq, üçüncü arqument “J1” xanasındakı “şəhər adı”na əsasən dəyişməlidir. Bunun üçün MATCH funksiyasından istifadə etdim. MATCH funksiyası “J1” xanasında olan “şəhər adı”nı “B1:G1” diapazonunda axtaracaq və sıra sayısını verəcəkdir.

=MATCH($J$1;$B$1:$G$1;0)          Nəticəsi: 5

Biz artıq sütunlardan hansının bizə lazım olduğunu tapdıq. “Bərdə” kəliməsi “B1:G1” diapazonunda tapıldı və “5”ci sırada olduğu müəyyən olundu.

Baxmayaraq ki, biz sütun nömrəsini tapmışıq, amma SUMIF funksiyası hələ də bütün diapazonu görmür. Yəni, SUMIF funksiyasının düzgün işləməsi üçün bütün sütun məlumatları SUMIF-in içində görsənməlidir. Bunun üçün isə biz, INDEX funksiyasından istifadə edirik.

=INDEX($B:$G;0;MATCH($J$1;$B$1:$G$1;0)) və ya
=INDEX($B:$G;0;5)

INDEX funksiyasının ilk arqumentində (“referans”) “B:G” sütunlarını seçdik. Bu seçim MATCH funksiyası ilə paralel getməli olduğuna görə orda da “B1:G1” seçmişdim. İkinci arqumentində “0” yazdım çünki bizə “sətr nömrəsi” lazım deyil. SUMIF funksiyası sütunlar üzrə əməliyyat gördüyünə görə (bu nümunədə) biz burda sətr nömrəsi yazmayaraq sütundakı bütün məlumatlara referans verdik. Üçüncü arqumenti isə MATCH funksiyası əvəz edir.

Artıq dəyişkən sütunlarımızı müəyyən etdiyimizə görə geriyə qalır əldə olunan funksiyanı SUMIF funksiyasının üçüncü arqumentında qeyd etmək.

=SUMIF($A:$A;$I2;INDEX($B:$G;0;MATCH($J$1;$B$1:$G$1;0)))

Əgər bütün sütun əvəzinə məlumatın olduğu ərazi seçiləcəksə funksiya bu şəkildə yazıla bilər

=SUMIF($A$2:$A$10;$I2;INDEX($B$2:$G$10;0;MATCH($J$1;$B$1:$G$1;0)))

və ya

=SUMIF($A$1:$A$10;$I2;INDEX($A$1:$G$10;0;MATCH($J$1;$A$1:$G$1;0)))

Nümunə Faylını endirmək üçün

Məqalədəki Funksiyalar haqqında ilkin məlumatı aşağıdakı linklərdə oxuya bilərsiniz

Şərtə Görə Toplama Əməliyyatı, SUMIF və SUMIFS Funksiyaları

Soraq və İstinad Funksiyaları (MATCH, ROW, ROWS, COLUMN, COLUMNS, AREAS, INDEX)

Məqalənin video versiyasını youtube kanalımdan izləyə bilərsiniz

Comments:

No Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Array Formulalar
Hesablanmış dəyərə əsasən LOOKUP verilməsi – Array (+Video)

Biz normal şərtlərdə LOOKUP verərkən sadə məntiqlə axtarılan dəyərin qarşısındakı (və ya hərhansı tərəfindəki) məlumatları əldə etmək istəyirik. Bəs müəyyən şərtlərə əsasən hesablanmış rəqəmlərin qarşısındakı məlumatları necə gətirmək olar? Bugünkü məqalədə bucür hesablamaların əsasında əldə edilən dəyərlərə görə necə LOOKUP veriləbiləcəyinə baxacayıq. Nümunə olaraq aşağıdakı cədvələ nəzər yetirək: Nümunədə hər hansı …

Array Formulalar
Şərtə görə MAX və MIN dəyərlərin tapılması – Array ilə (+Video)

Bir əvvəlki məqaləmizdə OFFSET ilə şərtə əsasən MAX və MIN rəqəmlərin tapılmasını gördük. İndi isə eyni nəticəyə Array metodu ilə gələcəyik. Array istifadəsinin OFFSET-ə nəzərən üstünlükləri: OFFSET funksiyasında şərtlərin olduğu sütun ardıcıl olmalıydı. Ancaq array istifadəsində buna ehtiyac yoxdur Şərtlərimizin sayı 2 və daha çox olarsa OFFSET ilə bunu həll …

COUNTIF
Şərtə görə MAX və MIN dəyərlərin tapılması – OFFSET ilə (+Video)

Düşünün ki, şəkildəki kimi “Bolgələr və Şəhərlər” üzrə satış rəqəmləriniz var və siz hər bir regionda ən az (MIN) və ən çox (MAX) satış rəqəmlərini əldə etmək istəyirsiniz. Biz istəyirik ki, şəkildəki cədvələ əsasən əgər “Bakı Abşeron Bölgəsi” seçərsəm bizə ən az satış olan 600 (1-ci ay üçün) və ən …